Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

25 fevral 2020 | 16:00

    Xızı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əladədar tədbir keçirilmişdir.  İlk olaraq Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, qəddarlığı və qeyri-insani cəza üsulları ilə insanlığa qarşı törədilmiş vəhşilik aktı olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməklə soyqırım haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində işğal altında olan torpaqlarımıza tezliklə qovuşacağımıza əminlik bir daha vurğulandı.
      Sonra Xocalı soyqırımına aid videoçarx nümayiş etdirilmişdir. Tədbir  R.İsmayılov adına Xızı şəhər  tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya  ilə davam etmişdir.

 

Keçidlər