Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

25 iyul 2017 | 16:00

     Bildiyiniz kimi 12 iyul 2017-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
      2017-ci ildə dünyada çox təhlükəli meyillərin daha da gücləndiyini, həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamların kifayət qədər çox olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın  uğurla inkişaf etdiyini, Azərbaycanda mənbəyi Azərbaycan xalqı, xalq-iqtidar birliyi olan sabitliyin möhkəmləndiyini, ölkəmizdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu, hesabat dövründə qarşıda duran bütün vəzifələrin icra olunduğunu, ölkəmizin daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin daha da dərinləşdiyini bildirdi.
      İlin altı ayında beş Avropa ölkəsi və beş müsəlman ölkəsi olmaqla 10 xarici səfər etdiyini qeyd edən dövlət başçımız Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycanın ləyaqətlə təmsil olunduğunu vurğulayaraq,  bu səfərlərinin coğrafiyasının əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqlədiyini ifadə etdi.
     Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbirin (V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, 24-cü Xəzər neft-qaz sərgi və konfransı və s.) keçirildiyini bildirən cənab Prezident ölkəmizdə keçirilmiş bu tədbirlərin əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərdiyini qeyd etdi.
    Bu ilin birinci yarısında xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı danışıqlar istiqamətində heç bir nəticə əldə edilmədiyini təəssüflə qeyd edən cənab Prezident,  bununla bərabər,  2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələrin də baş verdiyini-danışıqlar prosesinin qeyd-şərtsiz bərpa edildiyini və Azərbaycanın haqlı mövqeyinin daha da böyük dəyər qazandığını ifadə edərək, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmadığını və olmayacağını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı.
    Bu il qondarma separatçı rejim tərəfindən Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası “referendum”un keçirilməsini Ermənistanın növbəti biabırçılığı, axmaqlıq və böyük səhv kimi dəyərləndirən dövlət başçımız, Minsk qrupu  və onun həmsədrləri – Amerika, Fransa, Rusiya tərəfindən, həmçinin qonşu ölkələr-İran və Gürcüstan tərəfindən, eləcə də Avropa İttifaqı tərəfindən qondarma “referendum”un tanınmadığını, bununla bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr tərəfindən həqiqətin-Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunun bir daha təsdiqləndiyini bildirdi.
     Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, doqquz xarici dövlət və hökumət başçısının Azərbaycana səfər etdiyini,  özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında kənd təsərrüfatının 2,2 faiz, qeyri-neft iqtisadiyyatımız 1,7 faiz, qeyri-neft sənayesinin 4,4 faiz , xarici ticarət dövriyyəsinin 36 faiz, qeyri-neft ixracının 27 faiz artdığını, bununla bərabər, idxalın 15 faiz azaldığını, müsbət saldonun 1,9 milyard dollar təşkil etdiyini, valyuta ehtiyatlarımızın artaraq bu günə 40,6 milyard dollar təşkil etdiyini və hər bir ölkə üçün bunun, ən arzuolunan nəticələr olduğunu qeyd etdi.
      Maliyyə sıxıntıları, problemlər səbəbindən bu gün bütün ölkələrdə sərmayə qoyuluşunun  azaldığı bir zamanda bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulduğunu  və bu sərmayənin böyük hissəsinin xarici sərmayə olduğunu qeyd edən dövlət başçımız, bunun  Azərbaycanda  yaxşı investisiya iqliminin olması ilə yanaşı  Azərbaycanın bu gün sabitlik məkanı olması ilə əlaqədar olduğunu,   ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımızın təxminən 3 milyard dollar artaraq 40,6 milyard dollar təşkil etdiyini, 101 mini daimi iş yeri olmaqla 122 min yeni iş yerinin açıldığını bildirdi.

      Hörmətli toplantı iştirakçıları!

      01 iyul 2017-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16568 nəfər təşkil edir.   2017-ci ilin birinci yarım ili ərzində Xızı rayonu üzrə 45 doğum,  30 ölüm, 12 nikah, 11 atalığın müəyyən edilməsi, 1 adın, ata adının və soyadın  dəyişdirilməsi və 3 doğum akt qeydinin bərpa edilməsi qeydə alınmışdır. Hesabat dövrü ərzində 2 nigahın pozulması qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  doğum 17 vahid,  ölüm 6 vahid, nikah 2 vahid nikah pozulması 1 vahid azalmış, atalığın müəyyən edilməsi faktı 5 vahid artmış, adın, ata adının və soyadın  dəyişdirilməsi faktı isə eyni olmuşdur.
     Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı  40 ərazi ilk partiya təşkilatı üzrə 1852 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 858 (65,32%) nəfəri qadınlar, 8464 (45,57 %)  nəfəri  gənclərdir.  Rayon ərazisində digər partiyaların dayaq nöqtələri  mövcud deyildir. Rayonda  5 qeyri hökumət  təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət  göstərir) və 10 pir vardır. Rayon üzrə vəhabilik təriqətinə xidmət edən 3 ailə vardır. Bunlardan 2 ailə Giləzi qəsəbəsində, 1 ailə isə Sitalçay kəndində yaşayır ki, onların fəaliyyəti daim nəzarətdə saxlanılır. Digər dini icmalar mövcud deyil. Rayonda Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.  
    Rayon ərazisində yaşayan məcburi köçkünlərin sayı 325 nəfər (82 ailə), qaçqınların sayı isə 3159 nəfər (660 ailə)  təşkil edir.
     “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş  tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən  tədbirlər nəticəsində 1 iyul 2017-cı il tarixinədək rayon ərazisində 198 yeni iş yeri yaradılmış, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 198 nəfər işlə təmin olunmuşdur.
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin yarım ili ərzində  rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 38, mövcud müəssisə və təşkilatlarda 36, fiziki şəxslərdə 73 olmaqla 147 daimi, digər tədbirlər üzrə isə 112 müvəqqəti iş yeri yaradılmışdır.
      Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.  Belə ki, hazırda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının, “Xızı Qrand Hotel”in, Kənd Təsərrüfatı Nazirliyinin Xızı rayon idarəsinin inzibati-laboratoriya binasının inşası davam etdirilir, Xızı-Altıağac avtomobil yolunda yenidənqurma işləri, 5 km məsafədə Yeni Yaşma kəndgiriş yolu (2 km) və kənddaxili (3 km) yollarda əsaslı təmir işləri isə yekunlaşmaq üzrədir. Həmçinin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evlərində son tamamlama işləri aparılır.
    Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır. 2017-ci ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və bu işlərin görülməsinə 19 nəfər müvəqqəti işçi cəlb edilmişdir.
    Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2012-ci ildən başlanmış və su mənbələrində sugötürücü qurğuların quraşdırılması, magistral su kəmərinin tikintisi başa çatdırılaraq 1-ci mərhələ üzrə inşaat işləri yekunlaşdırılmışdır. Hazırda Xızı şəhəri və Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələrinin qurulması işləri həyata keçirilir.
     İcarə qaydasında istifadələrində olan dövlət fondu torpaqlarında 2016-cı ildə “Xızı Aqropark” MMC-yə hər biri 10 ha olmaqla 5 ədəd istixana kompleksinin və 1000 başlıq heyvandarlıq kompleksinin, “Yaşma Quşçuluq ” MMC-yə isə 60 min tonluq yem anbarının tikilməsinə Rayon İcra hakimiyyəti tərəfindən razılıq verilmişdir. Hazırda hər üç obyektin, eləcə də “Giləzi Quşçuluq” MMC-yə məxsus ərazidə 18 min  tonluq soyuducu anbarın tikinti işləri davam edir. Bundan başqa rayonun Giləzi qəsəbəsi ərazisində “Giləzi yem” ASC tərəfindən tutumları 5,0 min, 7,5 min və 10 min ton olan 3 ədəd anbarın tikintisi aparılır.
      2017-ci ilin birinci yarım ili ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 39 milyon 266 min 400 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 67 min 600 manat  və ya 34,5 % coxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun  həcmi  736 min 100 manat, yəni 3,6 % artaraq  21 milyon 163 min manat, nəqliyat sektorunda əldə olunan gəlirlər 11 min 300 manat, yəni 3,4% artaraq 341 min manat, ticarət xidmətinin həcmi  43 min 200 manat, yəni 1,0 % artaraq 4 milyon 363 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 24 min 600 manat, yəni 35,7 % artaraq 93 min 600 manat, sənaye məhsulunun həcmi 1 milyon 598 min 700 manat, yəni 96,5 % artaraq 3 milyon  254 min 700 manat, tikinti-quraşdırma işləri isə 7 milyon 653 min 700 manat, yəni 4,2 dəfə  artaraq 10 milyon 51 min  100 manat olmuşdur. Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi 1 milyon 174 min 300 manat artaraq 26 milyon 121 min manat təşkil etmişdir. 
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 1 layihə üzrə cəmi 15 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 1 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.  
      Xızı rayonu üzrə Maliyyə Şöbəsi 2017-ci ilin 6 ayı ərzində rayon büdcəsinin mədaxil proqnozunu ümumilikdə 849 min 870 manata qarşı faktiki 907 min 251 manat yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik  yerli gəlir  nəzərdə tutulmuş xərclərin yalnız 74,0 %-ni təşkil edir.
       Ümumilikdə büdcənin məxaric hissəsi 1 milyon 315 min 724 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 816 min 900 manat  icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Buna baxmayaraq əmək haqqı və sosial müdafiə xərclərinin vaxtında ödənilməsi tam təmin edilmiş , bu sahədə heç bir problem olmamışdır.
       Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 403 min 340 manat vəsait sərf olunmuşdur ki,bu da bu tədbirlər üçün nəzərdə tutulmuş  xərclərin 82,2 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 83 min 041 manat, səhiyyə xərclərinə 311 min 292 manat, bədən tərbiyyəsi və  gənclər siyasəti xərclərinə 9 min 007 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin də əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir.
    6 ay ərzində ümumi xərclənən vəsaitin 67,6 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə 6 aylıq proqnoz tapşırığa 540,8 min manata qarşı 559,2 min manat və ya 103,4%  əməl edilmişdir.
     O cümlədən büdcə təşkilatları üzrə 259,6 min manat proqnaza qarşı 248,3 min manat  və ya 95,6 faiz qeyri-büdcə təşkilatları üzrə 281,2 min manat proqnoza qarşı 310,9 min manat və ya 110,6% əməl edilibki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə təşkilatları üzrə 1,6 faiz  az, qeyri-büdcə təşkilatları üzrə isə 20,5 faiz çoxdur.
    Fərdi sahibkarlıqla məşğul olanlar üzrə 25,6 min manat proqnoz tapşırığa qarşı 18,9 min manat (73,8 %), torpaq pay mülkiyyətçiləri üzrə 3,0 min manat proqnoz tapşırığa qarşı 0,7 min manat (23,3 %) əməl  edilmişdir. Ötən illə müqayisədə Fərdi sahibkarlıqla məşğul olanlar üzrə proqnoz tapşırığa 11,2 faiz, torpaq pay mülkiyyətçiləri üzrə proqnoz tapşırığa isə 8,8 faiz az əməl edilib.
     Şöbədə 6 ay ərzində qeydiyyatda 220 hüquqi, 540 fiziki və 774 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 fiziki şəxs və 77 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 220 hüquqi şəxsdən 78-nin, 540 fiziki şəxsdən 153-nün,774 torpaq payçılarından 80-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
     Rayonda ünvanlı sosial yardıma daha çox ehtiyacı olan insanların, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin birinci yarımili ərzində Vahid Elektron  Müraciət və Təyinat alt sistemi (VEMTAS) vasitəsilə 15 ailəni təmsil edən şəxs tərəfindən ünvanlı sosial yardım üçün müraciət edilmiş, 7 ailə, 24 ailə üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 8 ailə, 33 ailə üzvünə isə yardım təyin edilməsindən imtina edilmişdir. 
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı Qərarına uyğun olaraq Nazirliyin müvafiq əmrinə əsasən Xızı rayonu üzrə 2 nəfər Qarabağ əlili və  1 nəfər Əfqanıstan  əlili   pulsuz minik avtomibil almaq üçün  növbədə  dayanmışdır. Vətəndaşlara hər il 2 dəfə  pensiyalarının baza hissəsinin 20%-i həcmində benzin xərci verilir.
      2017-ci ilin  6 ayı ərzində  Xızı Rayon Məşğulluq Mərkəzində 172 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 98 nəfər vətəndaş Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə  təmin olunmuşdur. Onlardan 13 nəfəri qadınlar, 32 nəfəri gənclər, 7 nəfəri isə məcburi köçkün və qaçqınlar olmuşdur. 
     Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22  noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən Xızı Rayon İcra Hakimiyyəti  Başçısının 28 sentyabr 2016-cı il tarixli 97 saylı   sərəncamı ilə Xızı rayonu üzrə fəaliyyət göstərən 4 müxtəlif idarə, müəssisə və təşkilat üzrə 11  nəfərlik  kvota  yeri müəyyən olunmuşdur. Həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur.  Hesabat dövrü  ərzində  qeydiyyata alınmış vətəndaşlar arasında 1 nəfər əlil olmuşdur.
      Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama uyğun olaraq Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən 3 nəfər işaxtaran vətəndaş özünüməşğulluq fəaliyyətinə cəlb olunmuşdur. Onlardan 1 nəfəri qadın, 1 nəfəri şəhid ailəsi üzvü, 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur.
     Tərəfimdən imzalanmış 11 noyabr 2017-ci il tarixli 105 №-li Sərəncama müvafiq olaraq  01 iyun 2017-ci il tarixdə keçirilən “Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 26  idarə, müəssisə və təşkilat tərəfindən 140  boş iş yeri təqdim edilmişdir. “Əmək Yarmarkasında” iştirak edən 190-dan çox işaxtaran və işsiz vətəndaşlardaşdan 43 nəfərinə müvafiq vakant vəzifələrə göndərişlər verilmişdir. Göndəriş verilən vətəndaşlardan 15 nəfəri müxtəlif idarə və təşkilatlarda münasib  işlə təmin olunmuşdur.  Onlardan 2 nəfəri qadınlar, 7 nəfəri gənclər və 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur. 
      2017-ci ilin  yarım ili ərzində  16 nəfər işaxtan vətəndaşa işsizlik statusu verilmiş və işsizlik müavinəti təyin olunmuşdur.  İşsizlik statusu verilmiş 16 nəfər işsiz vətəndaşdan 6 nəfəri qadın, 8 gənclər, 2 nəfəri isə   qaçqın və məcburi köçkünlər olmuşdur.
      “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Xızı Şəbəkə sahəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində əhalinin  elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə əlaqədar  Sitalçay kəndində zədələnmiş 2 ədəd 250 kVa transfarmatorun yerinə 1 ədəd 400 kVa, 1 ədəd  250 kVa, Yeni-Yaşma kəndində 250 kVa transfarmatorun yerinə 160 kVa, Yaşma kəndindəki transfarmator yarımstansiyasında 160 kVa transfarmatorun yerinə 250 kVa  transfarmator quraşdırılmışdır.  35/10 kV Xızı yarımstansiyasında 1 ədəd  10 kV 1000A vakkum açarı quraşdırılmışdır.
  Baxışlı kəndində 35/10 kV yarımstansiyanın tikintisi artıq başa çatmış, avadanlıqları quraşdırılır.
  10,6 və 0,4 kV-luq elektrik verilişi xətlərində, transfarmator məntəqələrində, yarımstansiyalarda, paylayıcı qurğularda cari təmir işləri aparılmış, qəza bərpa işləri görülmüşdür.
  35 kV Altıağac hava xətdinə 4 ədəd 35 kV aralıq dayaq quraşdırılmış, 35/10 kV  Baxışlı kəndində tikiləcək yarımstansiyada 7 ədəd, Giləzi qəsəbə FRP-3  hava xəttinə 3 ədəd, 6 kV Şuraabad  hava xəttinə 5 ədəd,  Xızı  şəhər Hafiz Baxış küçəsində  18 ədəd 10 kV, Yeni-Yaşma kəndində 17 ədəd 0,4 kV dəmir beton, Yaşma kəndində 10 kV-luq 1 ədəd metal, Təzəkənd kəndində 0,4 kV elektrik verilişi xəttində 1 ədəd beton dayaq basdırılıb.
   Bundan əlavə Xızı rayonunun kənd və qəsəbələrində (Xızı şəhəri, Tıxlı kəndi, Altıağac qəsəbəsi, Fındığan kəndi) 0,4 kV elektrik verilişi xətlərində SİP-ləşmə başlanmışdır.
  Hesabat dövrü ərzində rayon üzrə dəyəri  3 milyon  11 min 400 manat təşkil edən 34 milyon 647 min 300  kVt/saat elektrik enerjisi satışa ötürülmüş, istifadə olunan enerjiyə görə ümumilikdə 2 milyon  570 min 700 manat vəsait yığılmışdır ki, bu da  85,4 % təşkil edir.
  O cümlədən əhali istehlakçılarına  yarım il ərzində dəyəri  349 min 192  manat olan 4 milyon 988 min 454   kVt/saat enerji verilərək   320 min 208  manat   vəsait toplanmış və  yığım faizi  91,6 %  təşkil etmişdir.
  Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi tərəfindən 2017-ci ilin  6 ayı ərzində təbii qaz təchizatının fasiləsiz verilməsi üçün müxtəlif diametrli 1509 p/m qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq, 114 mm-lik daşıyıcı qaz xəttinin 2674 pm hissəsi torpaq altından çıxarılaraq dayaqlar üzərinə qaldırılmış, 50 mm  diametrli 4 ədəd siyritmə quraşdırılmış, 50 mm-lik 1 ədəd yeni RDUK tipli qaz tənzimləyici quraşdırılmışdır. 
  Əhali sektoru üzrə 3540 abonent, qeyri-əhali sektoru üzrə 108 abonent qeydiyyatdadır ki, bunlardan 2017-cı ilin 6 ayı ərzində 2 qeyri-əhali abonenti və 4 əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır.
  Xızı Xidmət Sahəsi üzrə 18 sərfölçmə qovşağından 8 milyon 536 min 204 m3 təbii qaz qəbul olunmuş, bundan 8 milyon 545 min  627 m3 qaz abonentlər tərəfindən istehlak edilmiş, 5 min 960 m3 daxili təlabat üçün istifadə  olunmuş və 15 min  383 m3 qaz itkisi (faizlə -0,2%) olmuşdur.
Hesabat dövrü ərzində dəyəri 316 min 575,51 manat olan  2 milyon 768 min 290 m3  təbii qaz əhali abonentlərinə, dəyəri 1 milyon 155 min 281,04 manat olan 5 milyon 777 min 337 m3 həcmində təbii qaz isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 1 milyon 413 min 536,68 manat ödəniş olunmuş (faizlə 96,0%) o cümlədən, əhali sektoruna satılan qazın dəyərindən 347 min 276,46 manat (faizlə 109,7%) ödənilmişdir. 
      Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100,0% sayğaclaşdırılmışdir.  Müəyyən vaxtlarada quraşdırılmış və dövrü istismar müddəti bitmiş 68 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş,bundan istifadə olunan təbii qazın dəyərinin ödənişi və debitor borcun yığılmasının daha da yaxşılaşdırılması məqsədilə 16 ədədi smart kart tipli sayğacla əvəz olunmuşdur.
  Qarşıdan gələn payız-qış mövsümündə abonentlərin təbii qazdan fasiləsiz və normal təzyiqdə istifadə etmələri istiqamətində təxirə salınmaz tədbirlər davam etdirilir.
     Xızı Sukanal İdarəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral və məhəllədaxili su xətlərində cari təmir işləri aparılmış,13 su anbarı yuylaraq dezinfeksiya edilmiş, 2 dədəd mühərrik yenisi ilə əvəz edilmiş,  8 ədəd d-100 mm diametrli, 6 ədəd d-80 mm diametrli siyirtmə yenisi ilə əvəz olunmuş, 14 ədəd siyirtmə təmir olunmuşdur.
    Hesabat dövrü ərzində 246056,50 m3  ümumi su satışı olmuş,181589,01 mant , yəni,76% ödəniş edilmişdir.
Ondan:
Qeyri əhali abonentləri üzrə satış: 188 392 m3, ödəniş 163 367,0  manat,     86,7%

Əhali abonentləri üzrə satış: 57 664,50 m3, ödəniş 24 230,17 manat,             42% 

   Xızı TKQ trəfindən 2017-cı ilin 6 ayı ərzində zədələnmələr haqqında daxil olan məlumatlar vaxtında araşdırılaraq problemlər aradan qaldırılmış, yararsız  vəziyyətdə olan abunəçi xətləri yenisi ilə əvəz edilmişdir. Xızı şəhərində 17, Giləzi qəsəbəsində 14, Altıağac qəsəbəsində 21, Şuraabad qəsəbəsində 12, Yeni Yaşma kəndində 15, Baxşılı kəndində 10, Sitalçay kəndində 11 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunuş, şəhər, qəsəbə və kənddaxili kabellər 1700 metr məsafədə blokla dartılmış, Giləzi EATS-nin, Fındığan EATS-nin krosu yenisi ilə əvəz olunmuşdur. TKQ-nin xidmət ərazisində yerləşən Hərbi şəhərçik adlanan ərazidə yeni DSLAM avadanlığı quraşdırılaraq 40-dan çox abunəçiyə genişzolaqlı internet xidməti verilmişdir. Xızı EATS-dən Altıağac EATS-inə gedən FO-12 xəttinin Altıağac qəsəbə ərazisindən keçən sürüşmə zonasına düşən 650 metr hissəsi sürüşmə ərazisindən təhlükəsiz yerə köçürülmüşdür.    
   1№-li Yol İstismarı MMC tərəfindən 2017-ci ilin 6 ayı ərzində 17100 p/m küvetlərin təmizlənməsi, 400m2  asfalt beton örtüklə çala təmiri, su ötürücü boruların giriş-çıxışlarının təmizlənməsi, sürüşmələr nəticəsində yola tökülmüş qruntların əl ilə  təmizlənməsi, yol çiyinlərinin avtoqreyder vasitəsi ilə hamarlanması işləri həyata keçirilmişdir.
  6 saylı Yaşıllaşdırma idarəsi tərəfindən  2017-ci ilin hesabat dövrü ərzində 140 ha sahədə 57 min 490 ədəd müxtəlif cinslərdən ibarət  ağaclar əkilmiş, 2416 ha sahəyə mexaniki və əl ilə qulluq edilmiş, 4746 ha sahə damcı üsulu ilə suvarılmış, 200 km yanğına qarşı mühafizə zolaqları çəkilmişdir. 
  Altıağac Milli Parkı tərəfindən 2017-cı  ilin 6 ayı ərzində  Parkın ərazisində yol verilmiş qanun pozuntularına görə 2523,00 manat cərimə tətbiq edərək həmin məbləğin Altıağac Milli Parkının büdcədən kənar xüsusi fonduna ödətdirilməsi təmin edilmişdir.
   Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası 6 ay ərzində 2 baş qartal, 1  baş qızıl qaz, 1 baş ceyran, 2 baş dağ keçisi, 1 baş dələ və 4 baş qonur ayını müalicə edərək yenidən təbiətə qaytarmışdır. Hal-hazırda klinikada 4 baş ayı müalicə olunur.
Hesabat dövrü ərzində Altıağac Milli Parkında 363 nəfər xarici və yerli turistlər qəbul etmişdir. 
     Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq  əsas yer tutur.     
    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 868 hektar artaraq 1530 hektar, arpa əkininin sahəsi 398 hektar artaraq 1043 hektar, yonca əkininin sahəsi isə 164 hektar artaraq 300 hektar təşkil etmiş, qarğıdalı əkininin sahəsi 6 ha azalaraq 132 ha olmuş, vələmir əkini sahəsi  8 ha azalaraq 0 hektara, kartof əkini 21 ha azalaraq 28 hektara, tərəvəz əkini 30 ha azalaraq 86 hektara, bostan sahəsi 33 ha azalaraq 79 hektara, günəbaxan əkini sahəsi 9 ha azalaraq 1 hektara düşmüşdür.
    Rayonda  01.07.2017-cı il tarixə 9896 baş iribuynuzlu (o cümlədən inək və camışlar 5176 baş), 76943 baş xırdabuynuzlu heyvan, 150 baş donuz vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 209 baş, xırdabuynuzlu heyvanların sayı 26271 baş, donuzların sayı isə 172 baş azalmışdır. Quşların sayı isə 862 min 427 baş artaraq 2 milyon 280 min 810 başa çatmışdır.
    Hesabat dövrü ərzində 474 ton inək əti, 110 ton qoyun və keçi əti, 2184 ton quş əti olmaqla ümumilikdə  (diri çəkidə) 2768 ton ət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,9 ton çox təşkil edir.Süd istehsalı ötən illə müqayisədə 25,5 faiz azalaraq 6412,6 tondan 4778 tona düşmüş, yumurta istehsalı 2,4 dəfə artaraq 136 milyon 396 min ədədə çatmış, yun istehsalı isə 13,6 faiz azalaraq 146,6 tondan 126,6 tona çatmışdır.
     2017-ci ilin 6 ayı ərzində subsidiyaya  dair informasiya sisteminin məlumat bazasının formalaşdırılması və cari ildə sistemin tətbiqinə hazırlıq məqsədilə Xızı rayon Kənd Təsərrufatı idarəsi 2016-cı ildə aparılmış əkinlərə görə dövlət yardımı verilmiş kənd təsərüfatı məhsullarının istehsalçılarının sənədlərinin elektronlaşdırılmasını başa çatdırmışdır.
     2017-cı ilin 6 ayı ərzində rayonda cəmi 204 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, onlardan 35 baş buzov doğulmuşdur. 2017-ci ilin 6 ayı ərzində yeni doğulmuş 27 baş buzova görə heyvan sahiblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq 2700 manat vəsait verilmişdir.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandırlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq Şuraabad qəsəbə sakini Nağızadə Dilavər Elşən oğluna lizinq yolu ilə 3 (üç) baş Holştin-friz cinsli damazlıq düyə alınması üçün rəy verilmiş və həmin heyvanlar sahibkar tərəfindən alınmışdır.
       2017-ci ilin yazında rayon üzrə 1800 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir. Ondan 131 ha sahədə buğda, 235 ha sahədə arpa, 132 ha sahədə qarğıdalı, 300 ha sahədə yonca, 16 ha sahədə noxud, 28 ha sahədə kartof, 86 ha sahədə tərəvəz, 79 ha sahədə bostan bitkiləri əkilmişdir.
     2017-ci ilin məhsulu üçün rayon üzrə 1530 hektar buğda sahəsindən 995 hektarı biçilmiş və biçilən buğda  sahəsindən  1919 ton məhsul alınmışdır. 1441 hektar arpa sahəsindən isə 1367 hektarı biçilmiş və biçilən arpa sahəsindən 2190,8 ton məhsul alınmışdır. 2017-ci il üçün buğdanın məhsuldarlığı 19,3 sentner, arpanın məhsuldarlığı isə 16 sentner təşkil etmişdir
      2016-2017-ci dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir.Rayonun ümumtəhsil məktəblərində 2284 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 249 müəllim məşğul olur.
2016-2017-ci dərs ilində də Təhsil şöbəsi rayonun ümumi təhsil müəssisələrində maddi- texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir.Belə ki, ehtiyacı nəzərə alaraq məktəblərə müxtəlif inventar və İKT avadanlıqları verilmişdir.
   “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulublar. Mart ayının 23-də rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə yola düşmüşlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
       IX siniflərdə buraxılış imtahanlarının yeni qaydada keçirilməsi ilə əlaqədar Təhsil şöbəsi 07 yanvar 2017-ci il tarixində məktəb rəhbərlərinin, 14 yanvar 2017-ci il tarixində isə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar- müşavirə keçirmiş, imtahanların 2 mərhələdə aparılması qaydaları müzakirə edilmişdir. IX siniflərdə buraxılış imtahanlarının I mərhələsi 05 mart 2017-ci il tarixində Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşmiş qaydada təşkil edilmişdir.Buraxılış imtahanlarının I mərhələsi “Əsasnamə” yə uyğun keçirilmiş, heç bir qanun pozğuntuluğuna yol verilməmişdir.
    Rayon üzrə buraxılış imtahanları 23 iyun 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada Giləzi qəsəbə tam orta məktəbində keçirilmişdir. Buraxılış imtahanları “Əsasnamə”yə əsasən uyğun aparılmış, heç bir qanun pozuntuluğuna yol verilməmişdir. İmtahanların keçirilməsi ilə əlaqədar bütün təşkilati işlər vaxtında və keyfiyyətlə icra olunmuşdur. İmtahanlar IX siniflərdə Azərbaycan dili və riyaziyyat, XI siniflərdə isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən yazılı test üsulu ilə keçirilmişdir. İmtahana buraxılan 93 nəfər XI sinif şagirdindən 93 nəfəri, 139 nəfər IX sinif şagirdindən isə 139  nəfəri imtahanlarda iştirak etmişlər.
    Təhsil Nazirliyinin yekun attestasiyasının nəticəsinə görə XI sinfi bitirən 93 şagirdə attestat, IX sinfi bitirən 139 şagirdə isə ümumi orta təhsil haqqında şəhadətnamələrin verilməsi qərara alınmışdır.
2017-ci ilin iyun ayında Təhsil şurasının növbəti iclasında 2016-2017-ci dərs ilinin yekunları təhlil edilmişdir. Yekun nəticəyə görə rayonun ümumtəhsil məktəbləri üzrə təhsildə keyfiyyət göstərici  64,7 % olmuşdur.
      Xızı rayon  əhalisinə tibbi  xidmət 12 tibb müəssisəsi (Xızı  RMX-sı,  6 həkim məntəqəsi və  5 tibbi məntəqəsi) tərəfindən göstərilir. Rayon üzrə Qarabulaq  və Xələnc kəndlərində tibb məntəqəsi  yoxdur. Fındığan, Sitalçay və  Şuraabad həkim məntəqələrində isə həkim çatışmazlığı var. Rayon üzrə tibb işçilərinin cəmi sayı 84 nəfər, onlardan  həkimlərin  sayı 28, orta tibb işcilərinin sayı 56 nəfərdir. Vakansiyaların sayı cəmi  31-dir, onlardan həkimlərin sayı 12, orta tibb işçilərinin sayı 19 nəfərdir.
2017-ci ilin 6 ayı ərzində stasionar müalicəyə göndərilənlərin sayı 193, evə yazılanların sayı 84, xəstələr tərəfindən keçirilmiş çarpayı günlərinin sayı isə 1783 olmuşdur. 
   Xəstəxanada  14  cərrahiyyə əməliyyatı aparılmışdır ki, onlardan 3 əməliyyat  təxirəsalınmaz, 11-i isə planlı əməliyyat olmuşdur.
     Cənab Prezidentin tapşırığına əsasən rayon üzrə müəssisələrdə, təşkilatlarda və yaşayış məntəqələrində əhalinin tibbi profilaktik müayinələri həyata keçirilmişdir ki, 15.02.2017 tarixdən 15.05.2017 tarixə qədər profilaktik baxışdan keçənlərin sayı 9267 nəfər olmuşdur.  Profilaktik baxış zamanı sağlam hesab edilənlərin sayı 8251 nəfər, aşkar olunan xəstələrdən ambulator müalicəyə  cəlb olunanların sayı 989 nəfər olmuşdur. Stasionar müalicəyə göndərilənlərin sayı 20,  ixtisaslaşdırılmış xəstəxanalara və Elmi Tədqiqat institutlarına göndərilənlərin sayı 7, dispanser nəzarətinə götürülənlərin sayı isə 11 nəfər olmuşdur.    
      2017 ci ilin 6 ayı ərzində ölənlərin cəmi sayı 46 nəfər, onlardan uşaqlar 1 nəfər. 2017 ci ilin 6 ayı ərzində ilkin qeydiyyata alınan 3 nəfərə xəstəliyi ilə əlaqədar əlillik təyin edilmişdir.(2 nəfər- I qrup, 1 nəfər- II qrup) Uşaqlar arasında əlillik təyin olunmamışdır.
      Rayon üzrə cəmi şəkərli diabet xəstələrinin sayı 192, onlardan uşaqlar 1 nəfər. İlk dəfə qeydiyyata alınmış şəkərli diabet xəstələrin sayı 15, qeydiyyatdan çıxanların sayı 7 nəfərdir. İnsulindən asılı olan xəstələrin sayı 6, onlardan uşaqlar 1 nəfər. Vərəmli xəstələrin sayı cəmi  93 nəfər, onlardan  ilk dəfə qeydiyyata alınanların sayı 15 nəfər, ölənlərin sayı 1  nəfərdir. XBÇ ilə qeydiyyatda olanların sayı cəmi 7, onlardan uşaqlar 1 nəfər. Dializ alan xəstələrin sayı  3 nəfərdir.
      Rayon üzrə onkoloji xəstələrin sayı cəmi 37, ilkin qeydiyyata alınan  xəstələrin sayı 6 və qeydiyyatdan çıxanların sayı 7 nəfər olmuşdur. Rayonda Hemofiliyalı xəstələr yoxdur. Talassemiya daşıyıcısı xəstələrinin sayı 10, onlardan uşaqlar 3 nəfər 2017- ci ilin 6 ayı ərzində qeydiyyata götürülənlər olmayıb. 
      6 ay ərzində qeydə alınan travmaların sayı 29, onlardan ölənlərin sayı 3 nəfər, infeksion xəstələrin cəmi sayı 16 nəfər təşkil edir. 
      Rayon üzrə doğuşların cəmi sayı 89 olmuşdur. Hal-hazırda qeydiyyatda olan hamilələrin sayı 51 nəfərdir. Rüb  ərzində ölü doğulanların sayı 1nəfər olmuşdur.
       Rayonda uşaqların icbari dispanserizasiyası planlı şəkildə aparılır. Belə ki, 2017-ci ilin 6 ayı ərzində cəmi baxılan uşaqların sayı- 684, onlardan aşkar olunan xəstələrin sayı- 123, dispanser nəzarətinə götürülənlərin sayı- 9 nəfər olmuşdur.
     2017-ci ilin birinci yarım ili ərzində 3 oğurluq hadisəsi, 3 narkotik vasitələrinin qanunsuz saxlanılması, 3 bədənə az ağır xəsarət yetirmə, 1 bədənə ağır xəsarət yetirmə, 3 yol nəqliyyat hadisəsi, 1 intihar hadisəsi, 1 qanunsuz silah-sursat saxlama hadisəsi olmaqla Xızı Rayon Polis şöbəsinin inzibati ərazisində ümumilikdə 15 cinayət hadisəsi baş vermişdir ki, bütün cinayət hadisələrinin açılması təmi ollmuş və axtarış davam etdirilir. İki nəfər isə itkin düşmüş kimi axtarışdadır ki, onların da  tapılmaları təmin olunmayıb.
     2017-ci ilin birinci yarısında Xızı rayon Prokurorluğunda 13 cinayət hadisəsi qeydə alınmışdır. Cari hesabat dövründə cinayətkarlğa qarşı mübarizənin vəziyyətini 2016-cı ilin müvafiq dövrü ilə müqayisə edərkən məlum olur ki, 2017-iı ildə rayon ərazisində qeydə alınmış cinayət hadisələrinin sayı 17,8 % azalmışdır. (2016-cı ildə 16 iş, 2017-ci ildə isə 13 iş olmuşdur) 
    Ümumilikdə daxil olan 149 müraciətdən 56-ı həll edilmiş, 15-i əsassız hesab olunmuş,72-i barədə müvafiq izahat verilmiş, 2-i baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 4-ü isə baxılmamış saxlanılmışdır.
    37-i ərizə, 10-u şikayət olmaqla ARPA-dan daxil olan 47 müraciətdən 1-i həll olunmuş, 10-u əsassız hesab edilmiş, 32-i barədə müvafiq izahat verilmiş, 1- i baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 3-ü isə baxılmamış saxlanılmışdır.
      Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən  və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda (Yuxarı təşkilatlara) dövlət hakimiyyəti orqanına məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.     
       Hesabat dövrü ərzində  39 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 21 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 955 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 29  nəfər olmuşdur. 
     Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına 2017-ci ilin 6 ayı ərzində  şikayət ərizəsi daxil olmamışdır. Ötən ilin müvafiq dövründə isə Apellyasiya Şurasına ümumilikdə 2 şikayət ərizəsi daxil olmuşdur.

      Hörmətli toplantı iştirakçıları,

      Yekun nitqində Azərbaycanda taxılçılıq, heyvandarlıq, baramaçılıq, tütünçülük, pambıqçılıq və s. sahələrdə, soya, zeytun, fındıq və badam istehsalında əldə olunan nailiyyətlər barədə məlumat verən dövlət başçımız,  taxılçılıqda aşağı məhsuldarlığı olan rayonlarda, o cümlədən  Xızı rayonunda (19 sentner) əkin sahələrinin buğda üçün nəzərdə tutulması, yoxsa başqa sahələrə üstünlük verilməsi ətrafında ciddi təhlillərin aparılması,  özəl sərmayənin cəlb edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı icra başçılarının daha da fəallıq gösətərmələri, investorlara problemlər yaratmamaları, biganəliyə yol verməmələri, təvazökar olmaları, xalqa xidmət etmələri, xalqla bir yerdə olmaları və özlərini  xalqdan yuxarı tutmamaları barədə tapşırıqlar verdi və  ilin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi tərəfindən özəl sərmayələrin cəlb olunmasına dair  məlumatlar əsasında hər bir icra başçısının işinə, o cümlədən bu  göstəriciyə görə  qiymət veriləcəyini diqqətə çatdırdı.

      Hörmətli toplantı iştirakçıları,

   İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.

Keçidlər